"Qarabağ"ın 2023-cü ilin yayında transfer etdiyi Andrey Lunyov "Zirə"yə qarşı Azərbaycan Kuboku finalından (2:1) sonra Offsideplus.az-a müsahibə verib.
Rusiyalı qolkiper geridə qalan 2023-24 mövsümü, Ağdam təmsilçisi ilə müqaviləsinin başa çatması və klubla arasındakı vəziyyət barədə danışıb.
Müsahibəni təqdim edirik:
— Cari mövsüm sənin üçün necə keçdi?
— Düşünürəm ki, ümumilikdə çox gözəl mövsüm keçirdik, 2 titul qazandıq. Avropada yaxşı səviyyədə futbol nümayiş etdirdik. Yaxşı və ya pis oynaya bilərik, amma qazandıqlarımızın hamısına layiqik. Azarkeşlərimizə təşəkkür edirəm. Bizə hər yerdə, hər ölkədə dəstək oldular. Onların bizə verdikləri enerjini, gücü hiss etdik.
— "Bayer 04"lə oyunlara geri baxsaq, nəyisə dəyişərdin?
— Xeyr, çünki bu, futboldur. Düzdür, bəzi hallarda yaxşı oynaya bilərdik. Ümumi olaraq, bu mövsüm üçün "Qarabağ"a, rəhbərliyinə, əməkdaşlarına təşəkkür edirəm. Klub mənə inandı, xüsusilə də baş məşqçi heyəti, Qurban Qurbanov güvəndi. Məncə, cari mövsüm elə də pis oynamadım, bu da onun sayəsində idi. Çox minnətdaram.
— Sözlərindən belə göründü ki, "Qarabağ"la vidalaşırsan... Elədir?
— İndi elə görünür. Digər məsələlər daha sonra müzakirə olunacaq.
— Klubla arandakı vəziyyət necədir?
— Hər şey yaxşıdır. Klubla münasibətimiz qaydasındadır.
— Yeni müqavilə barədə danışıqlar olub?
— Vəziyyət elədir ki, sadəcə mövsümün yekunlaşmasını gözləyirik.